Fəttayev
Fəttah Müştəba oğlu
Fizika-riyaziyyat metodbirləşməsinin sədri
1969-cu ildə Azərbaycan Respublikası, Yardımlı rayonunun Horavar kəndində ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş, 1992-ci ildə fərqlənmə diplomu ilə bitirərək, həmin ildən pedaqoji fəaliyyətə başlamışdır. 1998-ci ildə ABPK İA və YH institutunu bitirərək ikinci ali təhsilini almışdır. 1997-ci ildən Bakı Slavyan Universitetinin Humanitar liseyində riyaziyyat-informatika müəllimi vəzifəsində işləyir, fizika-riyaziyyat metodbirləşməsinin rəhbəridir.
Ali məktəbdə oxuduğu vaxtlardan elmi işlərə maraq göstərmiş, Tələbə Elmi Cəmiyyətinin fəal iştirakçılarından olmuşdur. Universitetdə oxuduğu müddətdə «Lenin təqaüdü»nə (indiki “Prezident təqaüdü”nə) layiq görülmüşdür.
Elmi fəaliyyətlə məşğuldur. Yeddi kitab müəllifidir:
«Həndəsə – 7»(Orta ümumtəhsil məktəblərinin VII sinfi üçün dərs vəsaiti);
«Həndəsə – 8»(Orta ümumtəhsil məktəblərinin VIII sinfi üçün dərs vəsaiti).
«Məntiq testləri»(Xaricdə təhsil, magistratura və dövlət qulluğuna işə qəbul imtahanlarına hazırlaşanlar üçün vəsait).
Respublika mətbuatında mütəmadi olaraq məqalələrlə çıxış edir. 40-dan artıq elmi, publisistik məqalənin müəllifidir. Orta məktəblərin I-IV, V-VII, IX-XI sinifləri üçün «Həyati bacarıqlara əsaslanın təhsil» fənni üzrə müəllimlər üçün vəsaitin texniki redaktoru, «İntel» korporasiyasının bütün dünyüda, o cümlədən Azərbaycanda həyata keçirdiyi «İntel – gələcək üçün təhsil» layihəsinin əsas hissəsi olan kitabın Azərbaycan variantının redaktorudur. Hal-hazırda daha bir neçə kitab – dərs vəsaitləri və abituriyentlər üçün vəsaitlər üzərində işləyir.
Azərbaycan Respublikasında yeni tədris proqramlarının yaradılması və ona müvafiq olaraq dərsliklərin yazılması prosesində iştirak etmişdir. Belə ki, yeni dərsliklərin hazırlanması məqsədilə Təhsil Nazirliyi və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun birgə həyata keçirdiyi layihədə xarici mütəxəssislərin iştirakı ilə treninqlərin iştirakçısı olmuş və «Dərsliklərin qiymətləndirilməsi» üzrə Ekspert Şurasına üzv seçilmişdir. Layihə başa çatana qədər Ekspert Şurasında fəaliyyət göstərmişdir.
Pedaqoji mühazirələrdə iştirak etmiş, yüksək yerlərə layiq görülmüşdür. İxtisasartırma kurslarında iştirak etmiş, «İnteraktiv təlim metodları», «İstedadlı şagirdlərlə iş» kurslarını müvəffəqiyyətlə başa vurmuş və müvafiq sertifikatlar almışdır. Kompüter bilikləri üzrə Avropa standartlarına uyğun ECDL sertifikatına layiq görülmüşdür.